Bir poeziya ruhlu ailənin düşüncələri
Bir poeziya ruhlu ailənin düşüncələriYazıçılar İttifaqının katibi, şair Fikrət Qoca: “Zaman heykəltaraş, insanlar isə böyük bir qranit parçasıdır”

“Sevgidə əlçatmazlıq ucalığın zirvəsidir”

V.Q.Belinski yazır: “Poeziya həyatı, bir imkan kimi, yaradıcı surətdə yenidən yaratmaqdadır. Buna görə də, o şey ki, həyatda ola bilməz, o poeziyada da yalandır. Yəni həyatda olmayan şey poetik də ola bilməz”. Həyatı əks etdirə bilmək üçün hətta yaradıcılıq istedadı da azdır. Həyatı anlamaq üçün gərək ağıl da olsun. Kim istəsə ki, kağız üzərində də, yazdığı şeirlərdə şairliyi görsün, o gərək əvvəlcə qəlbən şair olsun. Fikrət Qoca ədəbiyyata, poeziya aləminə kitablardan, ədəbiyyatdan deyil, həyatdan gəlib. Fikrət Qocanın poeziyası öz kimyəvi tərkibi ilə təmizdir, safdır. Onun hər bir şeirinin sanki öz yaşı, boyu, rəngi var. İndi XXI əsrdir və görünür, bu əsr başa çatınca çox hadisələrin şahidinə çevriləcəyik. Əsrə, zamana, dünyaya çox suallarımız olacaq və həssas bir şair kimi Fikrət Qoca da əsrin, zamanın hər hansı bir hadisəsinə biganə qalmayacaq. Çünki o təbiətli şairlər üçün dünyada rahatlıq deyilən məfhum yoxdur və olsaydı, Fikrət Qoca deyilən bir şair də olmazdı.
Bir poeziya ruhlu ailənin düşüncələriƏziz oxucu, sən bu müsahibədə Fikrət Qocanın şair ömrünün müxtəlif anlarını izləyib, ailə həyatı yollarında inamlı addımlarının şahidi olacaqsan. Sənətdə öz yolu, üslubu, dəst-xətti olan bir şairlə üz-üzə durdum. Istərdim ki, bu təsəvvür bir qədər də genişlənsin. Odur ki, ailəsinin qonağı olduğum şairlə apardığım müsahibəni sizə təqdim edirəm.
Söhbət zamanı yaradıcılığında onun özü üçün təlqin elədiyi prinsiplər-gözəlliyə çağırış, insanı, həyatı sevmək duyğusu mənə də sirayət etdi. “Gözəl aləm” şeri bu mənada onun gözəlik haqqında poetik kredosudur.
İnsantək yaşasaq dünyada əgər
Bir ömür insanın gen-bol bəsidir.
Böyüklər dünyaya “gözəlsən” deyər,
Kədər acizlərin bəhanəsidir!
Fikrət müəllim, dünya doğrudan da gözəldir, amma gözəldirsə, niyə “insantək yaşasaq dünyada əgər” deyə qələminiz etiraz edir?
Qızım, dünyada 6 milyard adamdan yalnız 1 milyardı insan ola bilər. Əgər insan nəzərdə tutumaqla, bu rəqəm 3 milyard sayla çoxluq təşkil etsəydi, dünyada silah lazım olmazdı. Məşhur norveç səyyahı Tur Heyerdal səyahətlərinin birində gedib adamyeyən qəbilə ilə görüşüb və onların insan əti ilə qidalanma məramlarını öyrənməyə çalışdığında qəbilə üzvü olan yarımvəhşi adam cavab verir: “Biz öz qəbiləmizdən deyil, yalnız başqa qəbilədən adam yeyirik. Çünki, o da adam ətidir və yeməlidir. Bəs siz müharibə edib, adamlar öldürürsünüz. Əgər onları yeməyəcəksinizsə, niyə öldürürsünüz? Bu qədər silahlar düzəldirsiniz. Özünüz də elmli, böyük təfəkkürə malik insanlar olduğunuzu deyirsiniz. Belə olan təqdirdə, yeməyəcəyiniz adamı niyə öldürürsünüz? Yemirsiniz, hələ üstəlik dəfn də etməyib çöldə qoyub gedirsiniz”. Bir xalq məsəlində deyilir: “İki qoçun başı bir qazanda qaynamaz”. Qazanı böyük elə, lap on qoçun başı qaynayar. Biz yaxşı ailədə tumarla, sığalla böyüsəydik deməzdik ki, iki qoçun başı bir qazanda qaynamaz. İnsanlar arasında gözəl ünsiyyət qurulsa, hər kəs bir-birini başa düşsə həyat da gözəlləşər.
Görkəmli yazıçımız İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” adlı bir əsəri var. Siz geriyə baxanda nəyə sevinir, nəyə təəssüflənirsiniz?
Geriyə baxanda ömrümü görürəm və heç nəyi düzəltmək fikrində deyiləm. Mən zamana görə yaşamışam. Ömrün bu yaş pilləsində dayanıb “gərək belə olmayaydı” demək olmaz. “Belə olmaması” üçün zaman dəyişərək fırlanmalı idi. Bacardığım kimi yaşamışam. Qətiyyən də təəssüflənmirəm.
Dünyaya Ağdaşda göz açmısınız. Bu yurd, ata ocağı yaddaşınızda necə yaşayır?
Qızım, insan yaşlandıqca doğulduğu yerin səsini eşidir. Ağdaş balaca bir rayon olsa da, Azərbaycanın düz ürəyinin başında yerləşir. Ağdaş rayonunun zəngin təbiəti canımdadır. Elə bilirəm ki, bədənimin bu torpaqdan toxunmuş hüceyrələri qışqırıb, ata yurdu istəyir. Çox vaxt kədərli olanda, özümü kimsəsiz hiss edəndə doğma ata ocağını xatırlayıram. Mənim gözümdə o uşaqlıqda gördüyüm kənd dəyişməyib.
Qəribədir ki, sevincli olanda deyil, çox zaman qəmlənəndə, bir sıxıntın olanda insanın qəlbindən şeir oxumaq keçir.
Çünki, sevinci yaşayırsan. Kədərlənəndə bir şərik axtarırsan. Bu zaman şeir içindəki boşluğu doldurur. Şeir tənhalığını ovudur, insanın ruhuna kömək edir. Bildiyimizə görə yazdığınız ilk şeirlər kitabı o dövrün yazıçılarının qınağına tuş gəlib. Özünüz də qeyd etmisiniz ki, “bu o, dövrün ədəbi mübahizələrin məğzi” olub. Bu gün gənc, azad yazarlarla aranızda belə mübahisələriniz olurmu? Ümumiyyətlə, ədəbi tənqidə münasibətiniz?
Bir poeziya ruhlu ailənin düşüncələriTənqid ədəbi deyil, ədəbli olsa, gözəl olar. İndi tənqid yoxdur, ya bir-birlərini söyür, ya da tərifləyirlər. Bir şairi tənqid edəndə gərək onun yaradıcılığını araşdırasan. Heç olmasa, o şarin şeirini oxuyanda bu şairin yarısı qədər ədəbiyyatdan məlumatın olsun. “Xoşuma gəlmir deməyinin” də səbəbini izah etməlisən. Bəlkə, qədim antik dövrün şeirlərində tanış gəldiyin bir şeirdir. Yaxud başqa bir ölkənin ədəbiyyatında oxumusan. Gənc yazarları oxuyuram, aralarında yaxşı yazanları da var.
Amma nədənsə, gənclərin şeirlərində yaşam hissi sönük olur. Sizin fikrinizcə, niyə gənclərdə ilham pəriləri havada uçur?
Bir çox gənclər elə bilir ki, yenilik dünyada olan şeylərə özünü oxşatmaqdır. Yenilik insanın özüdür. Məsələn, sevdiyin qızın məhəbbəti səni necə yandırıbsa, onu elə olduğu kimi də hisslərinin dilinə çevir yaz. Bunlar dahilər kimi yazmaq istəyir. İndi sevgilər də əvvəlki kimi yaşanmır. O zamanın gəncləri sevdiyi qızın pəncərəsinin işığını görəndə sevinərdi.
Bəzən şeirdə sevgi anlamını yersiz məqamda işlədirlər ki, bu da tərbiyəsizlikdir. Sevgi ülvü hissdir. Leyli və Məcnun dillərə düşmüş sevgi dastanı olsa da, heç onlar da sevgini başqa cür təsəvvür eləmir. Hətta, bir gün səhrada naəlac qalan Məcnun Leylinin ona tərəf gəldiyini görüb “get sən o Leyli deyilsən” deyə onu özündən uzaqlaşdırır. İnana bilmir ki, Leyli ona o qədər yaxın ola bilməz. Sevgidə əlçatmazlıq ucalığın zirvəsidir.
Bir poeziya ruhlu ailənin düşüncələriAdətən, gənclik insanın mövcud bacarıq və istedadının qüvvətlə üzə çıxdığı zamandır. Bu istedadın formalaşıb təcrübə ilə zənginləşməsi illərlə sürür. Lakin ilk şeirlərini, hekayələrini yazmış gənclərdən həqiqi istedada malik olanlarını görüb seçmək mümkündür. Ailə üzvlərinizdən gənc istedad kimi seçmisiniz?
Oğlum Yalçın şairdir. Yazıçılar Birliyinin üzvüdür. Qalan heç kimə təzyiq etməyib, heç kimi də şeir yazmağa fərəhləndirməmişəm. Ola bilərdi ki, seçdiyi yol ürəyincə olmazdı. Qızım Günay ali təhsil alandan sonra Amerikaya getmək istədi. Orada Corcla tanış oldu. Corc Amerikadan gəlib inad və inamla Günayla evlənmək istəyini təkid etdi. (Oxucularımızın nəzərinə çatdıraq ki, artıq bir müddətdir Fikrət müəllimin qonağı olan və yol üstə olan qızı Amerika vətəndaşı Günay və əcnəbi kürəkəni Corcla maraqlı söhbətimizi növbəti sayımızda izləyə bilərlər.)
Sizin maraq dairənizə balıq ovlamaq və müxtəlif ölkələri səyahət etmək daxildir. Ovunuza hələ ki, qızıl balıq düşməyib? Düşsəydi cəmiyyətimizin körpələrinə töhfəniz nə olardı?
Əgər o qızıl balıq toruma düşsəydi həyatımı qurtarardı. Əslində, insan açılacaq hər sabahında toruna qızıl balıq düşəcəyi ümüdi ilə yaşayır. Dənizə qarmağı atanda suyun dibindəki balıqla danışıram. Balıqdan yaxşı fikir yoldaşı yoxdur. Dənizin dibinin səsi gəlir və yuxarıdan atdığım qarmağın ipini həyatımın ipi təsəvvür edirəm. Elə zənn edirəm ki, mən də nə vaxtsa, o qarmağa ilişib çıxacağam.
Həyatınızda ağrılı günlər də olub. Hətta həyatınız bir tükdən asılı olub. O zaman ürəyinizdən keçdimi ki, yaşamağa dəyməz?
Bir poeziya ruhlu ailənin düşüncələriO zaman ürəyimdən keçdi ki, gərək yaşayam, elə ona görə də, yaşayıram. Çünki, insan gərək ömrünün son anına kimi yaşamağı bacarsın. 30-35 yaşımda düşünürdüm ki, daha yaşamayım. Sonralar yanıldığımın şahidi oldum. Başa düşdüm ki, insan çox yaşadıqca mənən qazanır. Zaman heykəltaraş, insanlar isə dünyada böyük bir qranit parçasıdır. Zaman bizdən yona-yona insan düzəldir. Kamil olmaq üçün çox zaman lazımdır.
Fikrət müəllim, insan ömrü itkilərlə yox, qazanclarla, uğurlarla yadda qalır. Sizin həyatınızda da belə uğurlar çox olub. Baba Fikrət Qocanı nəvə Fikrət Qocadan fərqləndirən maraqlı cəhət sizcə, nədir?
Aramızdakı vaxt fərqi. Balaca Fikrət Qocada mənim cığallığım hələ qalıb. Məndə onun qocalığı yaşayır. Gənclik ağıllı adamlara verilən bir imkandır ki, cığallıqla canındakı hərarəti yola salır. Bu düzələn səhvdir. Vay o adamın halına ki, axşam evə gələn kimi büzülüb yorğana yatır. Yorğanı başına çəkənə qədər keçirdiyi günü hesablamır. İnsan özü ilə hesablaşmadan heç vaxt kamilləşə bilməz.
Siz “Vals” adlı şeirinizdə deyirsiniz:
“Ürəyimdə bir şeir fırlanır
Deyir: məni yaz, deyirəm: olmaz”! Fikrət müəllim, “olmaz” nədir?
“Olmaz” elə o vaxtlar da “olmaz” idi. O şeri çap eləmirdilər. Sovet dövründə o şeri qurultayda oxuyanda zalda bir gurultu qopdu ki, gəl görəsən. Nə mane ola bildilər, nə də siyasi şeir olmasına irad edə bildilər.

Vals olan yerdə
Başsız da keçər
Ayaqsız olmaz,
Fırlanıram, vals.
Vals...vals...

Gözləyirəm nə vaxt böyük bir xoşbəxtlik
yağacaqdır yer üzünə,
nə vaxt insan yaxın olar öz-özünə.
Gözləmişəm, gözləyirəm, gözləyərəm.
Bir poeziya ruhlu ailənin düşüncələriFikrət müəllim öz-özünüzə nə vaxt yaxın olmusunuz, gözlədiyiniz məqam yetişməyibmi hələ? Ailənizdən və cəmiyyətdən gözlədiyinizi əldə edə bilmisinizmi?
Mən cəmiyyət üçün həmişə gözləmişəm. Hələ də gözləyirəm. Çünki, bu hələ insan yaşayışı deyil. Hələ də kasıb təbəqə mövcuddur.
Siz özünüzü həmişə qəlbən cavan hiss etmisiniz. Bunu qələmə aldığınız şeirlər də deyir. İçinizdə də həmişə insanlara sevgi olub. Gecəni həmişə gözəl sabah eşqi ilə başa vurmusunuz. Bu günkü görüşümüzü necə tamamlayırsınız? İcazə versəydiniz, mən bu suala sizin şeirinizlə cavab verərdim.
İnsan ölənəcən gözəldir, gözəl!
İnsan ölənəcən cavan yaşayır.
İnsanın ömründə bütün səhərlər
Elə ilk səhərdir təzə başlayır.
Amma istərdim siz də öz fərqli və məxsusi cavabınızla müsahibəmizi yekunlaşdırardınız.
“İnsan canlıların ən qəşəngidir, qoyasan yaşaya, ləzzət alasan” misralı şeirim qələmə almışam. Əgər insanlar bir-birinə kömək eləsələr, kömək əllərindən gəlmirsə, bir-birinə yaşamağa mane olmasalar o zaman yer üzü cənnət olar. İnanın ki, burdan gözəl cənnət yoxdur. Bu işıqlı dünyada Allah bizə cənnət bəxş edib, biz onu cəhənnəmə çeviririk. Bir təbəssüm, bir xoş söz nədir ki, onu qonşuna, dostuna, əzizinə, heç tanımadığın bir adama qıymırsan. Xoş söz deyəndə insan özü də gözəl olur.
Yekun olaraq, Fikrək müəllim jurnalımıza “Yuva”mızın həmişə isti olmasını və heç vaxt dağılmamasını arzu etdi.

Müsahibəni hazırladı: Səbinə Mövsümova
Redaktordan
Araşdırma
Müsahibə
MARY POPPINS - YENİ
Sağlamlıq
Ailə psixoloqu
Ailə hüquqşünası
Ana gündəlikləri
Doğum hekayələri
Uşaqlıq xatirələrim
Balaca dostlar
Oxucu məktubları
Hekayə
Dekorasiya
Əcnəbilərlə evlilik
Moda
Fotoqalereya
Elanlar
Kitab oxuyursunuzmu?
Çox: İldə 21 kitabdan artıq
Orta: İldə 6-20 kitab arası
Az: İldə 1 ilə 5 kitab arası


May-İyun 2010


Veb: www.marypoppins.yuva.az
E-mail: marypoppins@yuva.az
Tel.: 012 418-44-67, 012 441-54-49