
Hər birimizin arzusu ailəsinin sevinci, nəslinin davamçısı, ölkənin və millətin gələcəyi olan uşaqların xoşbəxt, firavan yaşaması, eyni zamanda əsl vətəndaş kimi böyüməsi, şəxsiyyət kimi yetişməsidir. Dünyaya qayğısız uşaqların gözü ilə baxsaq, dünyanın necə təmiz və saf olduğunu görərik.Dünya uşaqların gözünə məktəbdə çəkdikləri rəsmlərdə olduğu kimi mənzərəli təbiətlə, buludların arxasından çıxan günəşlə görünür.
Oxucularımıza maraqlı bir əhvalat nəql etmək istərdim. Günlərin birində bir ailənin televizoru işlək vəziyyətini itirir. Televizorun təmirə ehtiyacı olduğunu düşünən valideynlər ustaya müraciət edirlər. Usta təmir üçün televizorun arxa hissəsindəki qapağı açarkən xeyli təəccüblənir. Sən demə, tele ekranın mexaniki hissəsində yığılıb qalan çörək tikələri və bəzi qida məhsullarının qırıntıları televizorun işlək vəziyyəti üçün əngəl yaradıb. Valideynlər bu işdən maraqlanıb evin küncünə sıxılan zərif və məsum baxışlı qızlarına nəzər yetirirlər. Balaca qızcığaz etdiyi hərəkəti anlayıb valideynlərinin tənəsindən ehtiyat edərək yan otağa qaçır. Valideynlər nigarançılıqla balaca qızcığazdan bu işin səbəbini öyrənmək istəyirlər. Belə ki, azyaşlı uşaqlarını “bir daha belə hərəkətlərə yol vermə, balam,oyuncaqlarından darıxmağamı başladın” deyə tənbeh edərkən uşaq cavabında valideynlərini “mən o yeməkləri televizordakı ac uşaqlar üçün qoymuşdum” deyə heyrətləndirir. Uşağın bu düşüncəli və mərhəmətli cavabından təsirlənən valideynlərin gözləri yaşarır və uşaqlarını bağırlarına basırlar.
Bəzən dağılmaqda olan bir ailəni körpə qığıltısı xilas edir. Onların məsum baxışları anlaşa bilməyən ər-arvad arasında yeni bir məhəbbət yaradır. Gülüşləri ilə valideynlərinə yaşam gücü verir, onları gəncləşdirir. Biz uşaqlarımızın körpə dünyalarını gözəlliklər, gül-çiçək içində görmək arzuzu ilə yaşayırıq. Gərək övladlarımıza elə bir dünya verək ki onların mələk saflığı itməsin Axı hər uşaq bir mələkdir.
Əzizlərimiz, bildiyiniz kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. BMT Baş Assambleyasınının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Biz də “Yuva” jurnalımızın kollektivi adından dünyanın bütün şirin arzulu, gül-çiçək ətirli gözəl balalarını bu bayram münasibətilə səmimi qəlbdən təbrik edirik. Övlad tərbiyə etmək, onun qayğısına qalmaq ciddi məsuliyyət, böyük səbir və dözüm tələb etsə də, hər bir ailəyə dünyanın ən şirin nemətləri olan balalara sahib olub, gözəl duyğularla yaşamaq arzulayırıq.